Qırmızı Ordu və Putin Ordusu arasında paralellər| Problem müharibənin nə qədər dəyişdiyini dərk etməməkdir?

  Qırmızı Ordu və Putin Ordusu arasında paralellər|  Problem müharibənin nə qədər dəyişdiyini dərk etməməkdir?
666     20:34     29 03 2022    
Otto fon Bismark deyir ki, yalnız axmaqlar öz səhvlərindən dərs alır: “Mən başqalarının səhvlərindən öyrənirəm”. Təəccüblüdür ki, Rusiya ordusu sovet sələfinin keçmiş səhvlərini təkrarlayır. 1945-ci ilin aprelində Stalinin güclü təzyiqi altında marşal Georgi Jukov öz tank ordularını piyada dəstəyi olmadan Berlinə göndərdi. Vladimir Putinin qüvvələri nəinki eyni səhvə yol verdilər, hətta tanklarının qüllələrinə qəribə dəmir parçaları, o cümlədən çarpayı çərçivələri qaynaqlamaqla onları qoruya biləcəklərini düşündülər. Bu, sadəcə olaraq onların profilini artırdı və Ukraynanın “tank ovçuları”nın hədəfinə çevirdi. Vaxtilə, Berlindəki sovet tankları “Panzerfaustlar”la məhv edilirdi.

Rusiya prezidentinin tarixə, xüsusən də Almaniyaya qarşı “Böyük Vətən Müharibəsi”nə təhrif olunmuş yanaşması onun siyasi ritorikasını qəribə özünəməxsus ziddiyyətlərlə müşayiət edirdi. Bu, açıq şəkildə onun hərbi yanaşmasına təsir edib. İkinci Dünya Müharibəsi illərində tanklar böyük gücün simvolu idi. Putinin hələ də onları bu şəkildə görə bilməsi bu inamı sındırır. Liviyada və başqa yerlərdə son münaqişələrdə zirehli texnikaların PUA və tank əleyhinə silahlara qarşı həssas olduğu sübut edilib. Azərbaycanın erməni tanklarını asanlıqla məhv etmək bacarığı onun 2020-ci ildə Qarabağ bölgəsində qələbəsi üçün vacib əhəmiyyət daşıyırdı.

Bununla belə, görünür, Putin unutduğu qədər az şey öyrənib. 1968-ci ilin avqustunda Çexoslovakiyaya daxil olan Varşava Müqaviləsi Təşkilatı qüvvələrinə siyasi rəsmilər onları azad edənlər kimi qarşılayacaqlarını bildirirdilər. Ancaq belə olmadı. Putinin yerli mediaya nəzarət etməsi həqiqəti Rusiya əhalisinin əksəriyyətindən gizlədə bilər, lakin indi könüllüyə çevrilmək üçün yeni müqavilələr imzalamağa məcbur edilən çağırışçılar reallıqdan çox xəbərdardırlar.

Onun öz xalqına qarşı rəftarı düşmənlərinə qarşı rəftarı qədər amansızdır. Ordu hətta evə gedən cəsəd çantalarının sayını azaltmaq üçün Ukraynaya ölən rus hərbçilərini məhv edəcək səyyar krematoriya gətirdi. Putinin sovet sələfləri də öz qoşunlarına belə etinasız yanaşırdılar. 1945-ci ildə Qırmızı Ordu bir sıra qiyamlarla üzləşdi. Məmur və siyasi idarələr tərəfindən adətən pis rəftar edilən əsgərlərə gecələr həlak olan yoldaşlarının cəsədlərini götürməmək, əvəzedici qoşunlar tərəfindən təkrar istifadə edilmək üçün cəsədlərin geyimlərini soyundurmaq əmri verilirdi.

Ukraynada təkrarlanan digər köhnə nümunə Rusiya ordusunun ağır silahlara arxalanmasıdır. İkinci Dünya Müharibəsində Qırmızı Ordu “müharibə tanrısı” adlandırdığı artilleriyasının gücü ilə öyünürdü. Berlin əməliyyatında Jukovun artilleriyası 3 milyondan çox mərmi ataraq, müttəfiqlərin strateji hava hücumu bumbardımanından daha çox şəhəri məhv etdi. Sovetlər qalan müdafiəçiləri öldürmək üçün “Katyuşa” raket qurğularından istifadə edirdilər. Putinin ənənəvi artilleriya qüvvələri potensial snayper mövqelərini aradan qaldırmaq üçün eyni köhnə üsulla Ukrayna binalarını darmadağın etsə də, indi köhnə “Katyuşa”ların yerini termobarik hərbi sursatlar “vakuum bombaları” tutur.

Rusların Qroznı və Hələbi dağıtması artıq onların Qərb silahlı qüvvələrininkindən fərqli olaraq şəhər-konflikt doktrinasının İkinci Dünya Müharibəsindən sonra nə qədər az inkişaf etdiyini ortaya qoydu. Rakka və Mosul şəhərlərini İŞİD-dən geri alan beynəlxalq koalisiya daha məqsədyönlü yanaşma nümayiş etdirərək, hər bir şəhəri möhürlədikdən sonra sektorlar üzrə təmizləmə işlərinə başlayırdı.

Putin Rusiyası Sovet İttifaqı olmadığı kimi, Putinin ordusu da Qırmızı Ordu deyil. Hökumətdəki institusional korrupsiya hər şeyə təsir edib, hətta zabitlər ehtiyat hissələrinin satışından qazanc əldə edir və nüfuzlu layihələrin xeyrinə logistik dəstəyə məhəl qoymurlar. Ukrayna müdafiəçiləri Soyuq Müharibə dövrünün T-72 tanklarını məhv edərkən, Rusiyanın prioriteti yeni nəsil yüksək texnologiyalı “Armata” tanklarını işə salmaq üçün kifayət qədər pul ehtiyatı saxlamaq olub. Bununla belə, “Armata” rusları və xarici medianı heyran etmək üçün hər 9 May Qələbə Günü paradlarında Qırmızı Meydanda dolaşmaqdan başqa bir şey edə bilməyib. Döyüş meydanında o, T-72-lərlə eyni aqibəti yaşayacaqdı.

Elit bölmələr, paraşütçülər və “Spetsnaz” xüsusi təyinatlıları hələ də Rusiya ordusunda mövcuddur, lakin onlar pis komandanlıq və idarəetmə xaosunda təkbaşına çox az şey əldə edə bilirlər. Rusiya ordusunun yeni “Era” şifrəli rabitə sisteminin tətbiqi ilə bağlı düzgün perspektivin olmamasına bu cür səhvlərin ciddi şəkildə cəzalandırıldığı daha sərt Sovet günlərində inanmaq daha çətin olardı. Bu sistem guya təhlükəsizdir, o, Rusiya Ukraynanı işğal edərkən məhv etdiyi 3G qüllələrinə əsaslanır.

2008-ci ildə Gürcüstana zərbə vuran, lakin Rusiyanın səriştəsizliyini və zəifliyini üzə çıxaran işğal əməliyyatı Putinin silahlı qüvvələrini yenidən təchiz etmək və islahat aparmaq planlarına gətirib çıxardı. Bu cəhdlər açıq-aşkar uğursuzluğa düçar oldu. Bu, onun rejimində idealizm, düzgünlük və vəzifə hissinin olmaması haqqında çox şey deyir. Ukrayna işğalının belə gec və həlledici mərhələsində bunun necə dəyişə biləcəyini görmək çox çətindir.

1942-ci ilin sonlarında Stalinqradda Qırmızı Ordu qəfil dönüşlə özünü və dünyanı heyrətləndirdi, indi isə Putin qüvvələrinin Kiyev ətrafında və Ukraynanın şərqində iki böyük strateji plan hazırladığına və taktikalarına düzəliş etdiyinə dair işarələr var. Dezertirlərin və uğursuz zabitlərin edam edilməsi ilə dəstəklənən rus ordusunu düzəltmək üçün demək olar ki, Stalinist qətiyyət münaqişəni əzazil və amansız dağıntıların qan gölündə genişləndirə bilər.

Müharibədən əvvəlki bütün gözləntilərə baxmayaraq, Rusiya ordusunun dağılması da mümkün görünür. Mənəvi-psixoloji hazırlığın tamamilə sıradan çıxması alçaldıcı geri çəkilməyə gətirib çıxara bilər ki, bu da Putinin sovet keçmişindən ayrıla bilməməsinin potensial dağıdıcı nəticəsi hesab olunacaq.
Strategyvision.org

Teq: Rusiya   Ukrayna   Müharibə  


Oxşar məqalələr
Son əlavə olunanlar